Britaniyada baş verən faciəli hekayət milyonları sarsıdıb..
Böyük Britaniyada 8 yaşlı Riz Fleminqin həyat hekayəsi milyonları sarsıdıb. “Telegraph” qəzetinin verdiyi məlumata görə, Riz Fleminqə hələ dörd yaşı olanda – 2004-cü ildə “leykemiya” diaqnozu qoyulub. O, dörd il ərzində bu amansız xəstəliklə mübarizə aparıb.
Bu ilin may ayında isə həkimlər uşağın cəmi bir neçə həftə ömrü qaldığını etiraf etməyə məcbur olublar. Rizin anası - 28 yaşlı Loreyn Fleminq bildirib ki, o və ögey atası Mik Tompson uşağın ölümündən qabaq həyatdan hər şeyi əldə etməsinə, o cümlədən sevdiyi qızla evlənməsinə çalışıblar: “Onun cəmi bir neçə həftəsinin qaldığını biləndən sonra imkanımız daxilində hər şeyi verməyə çalışırdıq...”
Riz və Elenora uzun illər yaxın dost olublar və sonradan ayrılıblar. Uşaqların ayrıldığını görən Rizin valideynləri bayram şənliyi təşkil edərək, Ellini də oraya çağırıblar. Bundan sonra Elli bir neçə dəfə Rizə xəstəxanada baş çəkib. Növbəti və sonuncu şənlik zamanı Riz Elliyə evlənmək təklif edib. Dostunun ölüm ayağında olduğunu bilən qızcığaz bu təklifə razı olub.
Kiçik cütlüyün toyu əsl toydan heç nə ilə fərqlənməyib. Onlar toy naharına bahalı limuzində yollanıblar. Valideynləri onlar üçün nişan üzüyü, keşiş və nikah haqqında şəhadətnamə də təşkil ediblər. Mərasim iyulun 4-də baş tutub. İyulun 5-də isə Riz ailəsinin yanında gözlərini əbədi yumub...
Anası Loreyn Fleminq danışır ki, Riz ölümqabağı sonuncu arzusunun yerinə yetdiyini söyləyib və bircə cümlə pıçıldayıb: “İndi mən gedə bilərəm...”
Anası xatırlayır: “O, öz sevgilisi ilə fəxr edirdi. Biz isə onların hər ikisiylə qürur duyurduq...”
Fikirlərinizi bildirməyi unutmayın...!!!